Новости

12:45

Ərdoğan sərt danışdı

«Bu hərəkət İsrail xalqına sakitlik gətirməyəcək»

İsrailin törətdiyi bu dövlət terroru cavabsız qalmayacaq. Bunu Çiliyə səfərini yarımçıq qoyub ölkəsinə dönən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Santyaqo hava limanında jurnalistlərə açıqlamasında deyib.
Ərdoğanın sözlərinə görə, Qəzzaya humanitar yardım aparan gəmi tamamilə humanitar məqsədlərə xidmət edib: «Gəmilər yoxlanılmışdı, orada mülki şəxslər və könüllülərdən başqa heç kim olmayıb. Gəmilərdə ağ bayraq asılmışdı».
Türkiyə baş naziri İsrailin gəmidə silah olduğu barədə yaydığı xəbərləri də təkzib edib: «Gəmidə sadəcə Türkiyə vətəndaşları deyil, 32 ölkədən könüllülər, parlament üzvləri olub. İsrail tərəfindən edilən bu hərəkətlər beynəlxalq hüquqa tamamilə zidd dövlət terrorudur. İsrail bölgədə sülh istəmədiyini açıq şəkildə ortaya qoydu. İnsanlığa zidd dövlət terroru cavabsız qalmayacaq. Bu, İsrail xalqına da sakitlik gətirməyəcək», deyə Ərdoğan bildirib.
Türkiyə baş naziri İsrail tərəfindən girov götürülən gəmilərin və sərnişinlərin azad edilməsini, habelə həlak olan və yaralananlar haqda ətraflı məlumatların verilməsini tələb edib.
«Türkiyəyə qayıdan kimi parlamentdə bu məsələni müzakirə edəcəyik. Bütün dünya ictimaiyyətinə baş vermiş hadisənin detallarını açıqlayacağıq», deyə baş nazir söyləyib.
Ərdoğan Türkiyə əhalisinin ölkədəki yəhudilərə qarşı zor tətbiq etməməyə çağırıb: « Ölkəmizdə yaşayan yəhudi vətəndaşlarımız bizim vətəndaşımızdır. Biz İsrailin davranışlarına görə, öz vətəndaşlarımıza qarşı hansı dindən və irqdən olmasına baxçayaraq ayrı-seçkilik etməmişik, bundan sonra da etməyəcəyik».

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz