Новости

17:54

Türkiyə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı

Ankara İsraildəki səfirini geri çağırıb

Türkiyə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.
Lent.az-ın trt-world.com saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu artıq Nyu-Yorka yola düşüb.
Əhməd Davudoğlu bu gün axşama doğru BMT Təhlükəsizlik Şurası toplantısının başlayacağını söyləyib. Xarici işlər naziri Latın Amerikasında səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğanın da səfərini yarımçıq kəsərək ölkəyə dönmək üzrə olduğunu bildirib.
Türkiyə xarici işlər naziri ölkənin İsraildəki səfirini geri çağırdıqlarını deyib. Əhməd Davudoğlu həmçinin yardım karvanında nümayəndəsi olan 32 ölkə ilə də müzakirələri davam etdirdiyini vurğulayıb: “Türkiyə dövləti və hökuməti bütün imkanları ilə bu məsələnin üzərinə gedəcək. Türkiyə vətəndaşları rahat olsunlar”.
Bu arada Türkiyə prezidenti Abdulla Gül İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumu ilə bağlı açıqlama yayıb. Çankaya Köşkündən yayılan yazılı açıqlamada prezidentin Türkiyə də daxil olmaqla 32 ölkədən qeyri hökumət təşkilatları təmsilçilərindən ibarət yardım karvanına hücumu şiddətlə qınadığı, həlak olanların ailələrinə başsağlığı dilədiyi bildirilib: “İsrail quru sularından 69 dəniz mili uzaqlıqdakı beynəlxalq sularda baş verən, aralarında yaşlı, qadın, uşaq və fərqli dinlərə mənsub din adamlarının da olduğu mülki şəxsləri hədəf alan və beynəlxalq hüququn açıq şəkildə pozulması olan bu hücuma beynəlxalq birlik də biganə qalmamalıdır. İsrail bu davranışı ilə beynəlxalq ictimaiyyətin vicdanını dərindən yaralayıb. Çəkdikləri iztirab bütün dünyaya bəlli olan Qəzza xalqına yardım yetişdirməyə çalışan müdafiəsiz insanların həyatının İsraildəki daxili çəkişmələr nəticəsində heçə sayılması qəbul edilməz durumdur. İsrail bu siyasəti ilə xalqını dünyadan təcrid etməkdə və öz gələcəyinin təminatı olan sülh prosesini də çətinə salmaqdadır”.
Abdulla Gül Qəzzadakı insanlıqdan kənar mühasirənin dərhal qaldırılmasını tələb edib: “Bu, Türkiyə ilə İsrail arasındakı məsələ deyil, Beynəlxalq səviyyəli insan faciəsidir. Bu insanlıqdan kənar mühasirənin dərhal qaldırılmasını gözləyirik”.
Karvanda olan Türkiyə vətəndaşlarının hüquq və mənafelərinin qorunması üçün bütün səylərin göstəriləcəyini bildirən prezident qeyd edib ki, Türkiyənin məsələ ilə bağlı hər cür araşdırmanın sürətlə aparılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir.
Abdulla Gül açıqlamasının sonunda Türkiyə vətəndaşlarını təmkinli olmağa çağırıb.  mənbə : lent.az

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz