Son günlər güclü yağıntılar nəticəsində Tərtərin bir neçə yaşayış məntəqəsində evlərə ciddi zərər dəyib.
Rayonun Qaradağlı və Evoğlu kəndlərində məskunlaşmış məcburi köçkünlərə məxsus evlər uçub. Bu barədə APA-nın Qarabağ bürosuna Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev məlumat verib. Qərargah rəisinin sözlərinə görə, sözügedən yaşayış məntəqələrinin hər birində bir məcburi köçkün ailəsinin məskunlaşdığı evin uçması haqda rayon İcra Hakimiyyətinə məlumat daxil olub. Dərhal Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə komissiya yaradılıb.
İlqar Musayev onu da bildirib ki, rayonun Seyidimli kənd sakini Dəmirov Tahir Həmid oğluna məxsus yaşayış evi qəzalı vəziyyət düşüb, həyətindəki tövlə isə uçub.
Analoji hal həmin yaşayış məntəqəsinin digər sakini İmanov Mənsur Məhərrəm oğlunun evində də təkrarlanıb.
Küçərli kəndi ərazisində məskunlaşmış Ağdam rayon köçkünü Məmmədov İnqilab Bahadur oğlunun evi də sel sularının altında qalıb. Ailə yaşadığı evdən evakuasiya edilib.
Hazırda rayon ərazisində baş vermiş belə hallar haqqında məlumatlar toplanır, Fövqəladə Hallar Nazirliyinin və yerli İcra Hakimiyyətinin əməkdaşları yerlərdə zərərin aradan qaldırılması prosesinə başlayıblar.
LENT.AZ